Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Şeyxulİslam ibn Teymiyyənin cəhalətin üzr məsələsindəki məzhəbinin təhlili

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin!) demişdir:
"Biz, Allah rəsulunun ﷺ təliminə bələd olduqdan sonra, qətiyyətlə bilirik ki, o, ümmətinə hər hansısa bir ölüyə; nə peyğəmbərlərə, nə salehlərə, nə də başqalarına dua etməyi icazəli görməmişdir. Nə istiğasə (yardım istəmə) formasında, nə də başqa ifadələrlə; nə istiazə (sığınma) kəlmələri ilə, nə də başqa ifadələrlə. Həmçinin, o, ümmətinə ölmüş bir şəxsə və ya ölü üçün səcdə etməyi icazəli görməmişdir. Əksinə, onun bu cür əməllərin hamısını qadağan etdiyini və bunların Allahın və Peyğəmbərinin haram etdiyi şirk növlərindən olduğunu bilirik. Lakin son dönəm insanların çoxunda cəhalətin üstünlük təşkil etməsi və şəriətin həqiqətindən qəflətdə qalmaları səbəbilə, bu əməlləri edənləri təkfir etmək mümkün deyil. Ta ki, onlara Peyğəmbərin şəriətinin bu cür əməllərə zidd olduğu tam şəkildə aydın olana qədər".
"Ər-Rəddü alə əl-Bəkri", səh. 411

Qeyd: Bəziləri şübhə gətirərək deyir ki, şeyxülislam "biz belələrini cəhalətlərinə görə təkfir etmirik" deyərkən, yəni "onların axirətlərinə hökm vermirik, əbədi Cəhənnəmlik olduqlarını demirik və axirətdəki hallarını Allaha həvalə edirik" mənasını qəsd edir. Yoxsa belələrinin bu dünyada müsəlman sayılacağını qəsd etmir. Bu şübhənin cavabı olaraq şeyx Barrakın elə bu mövzu ilə əlaqəli ona ünvanlanan bir suala verdiyi cavabını qeyd etmək yerinə düşərdi.

SUAL:
Şeyxülislam İbn Teymiyyə "əl-İstiğasa" (səh. 411) kitabında böyük şirkdə cəhalətin üzr sayıldığını ifadə etdikdə nəyi qəsd edir? "Onları təkfir etmək mümkün deyil" dedikdə, yəni "bu dünyada onları müşrik adlandırmaq olmaz", bunu yoxsa məhz axirət hökmünü nəzərdə tutur?
---

ŞEYX ƏBDÜRRƏHMAN ƏL-BARRAK:

Bu, cahilliyin hətta şirk əməllərdə belə üzrlü sayılacağına dair Şeyxülislam İbn Teymiyyəyə aid sözlərdən biridir. Çünki o deyir:

"Lakin son dövran insanların çoxunda cəhalətin üstünlük təşkil etməsi və şəriətin həqiqətindən qəflətdə qalmaları səbəbi ilə bu əməlləri edənləri təkfir etmək mümkün deyildir."

"Təkfir etmək mümkün deyildir", yəni cahillikləri və elmsizlikləri səbəbi ilə şirk əməllərinə və sözlərinə görə onların kafir olduqlarına və İslamdan xaric olduqlarına hökm vermək mümkün deyildir. Çünki onlar əsli etibari ilə müsəlmanlardır və yalnız doğru bilindikdən (yaxın olunduqdan) sonra İslamdan çıxarıla bilərlər. Etdikləri şirk əməllərə gəldikdə isə onlar bu əməllərin dində haram olduğunu bilmirlər. Lakin bu, onların əməllərinin şirk olmasından maneə deyildir, çünki onların etdikləri əslində şirktir, sadəcə onlar bunu bilmirlər...

Şeyxülislam başqa bir yerdə qeyd etmişdir ki, bu, yəni cahilliyin üzr olması həm şirk olan sözlərə və əməllərə, həm də dinin əsli və aməli məsələlərinə şamilidir.

Nəticə olaraq:
Şeyxülislamın "əl-İstiğasa" kitabındakı ifadəsi olan "onları təkfir etmək mümkün deyildir" ifadəsi onun dünya hökmlərinə aiddir. Axirət hökmü isə dünya hökmünə tabedir: Kim kafir olaraq ölərsə, cəhənnəmlikdir. Kim müsəlman olaraq ölərsə, cənnət əhlidir.

Ey bacı, sənə bu fətvanı yaymaq məsləhət görmürəm; çünki cahilliyin üzr olub-olmaması məsələsi ixtilaflı və çox mübahisəli bir mövzudur. Allah doğru yola yönəldən və haqqda müvəffəq edəndir!

Mənbə: Şeyxin rəsmi saytı (mətnin mənası tam qorunaraq ixtisarla tərcümə edilmişdir).

Müəllif: Əbu Zeyd Həbibli