Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Süni intellekt və ona İslami baxış. (Araşdırma)

Araşdırma mövzumuz anlamaq üçün gəlin bəzi suallar verək və həmin sualları cavablandırmağa çalışaq:
1 - Süni zəka və ya süni intellekt nədir?
2 - Süni zəkanın müsbət tərəfləri nələrdir?
3 - Süni zəkanın mənfi tərəfləri nələrdir?
4 - Süni zəkaya İslami baxış necə olmalıdır?


Birincisi: Süni zəka və ya süni intellekt nədir?
Cavab: Süni intellekt texnika və texnologiyaların insanları təqlid etməsinə imkan verən elm sahəsidir. Süni intellekt insanlar kimi düşünməyi və öyrənməyi bacaran kompüterləri təsvir edir(1). Süni intellekt datalar əsasında çalışır(2), rəsm çəkin, video hazırlayın, yazı yazır, səslər çıxarır və o başqa bir çox bacarıqları icra edə bilən bir sistemdir. Bəziləri isə süni intellekti belə vəsf etmişlər: "Süni intellekt heç nə bilmir, o sadəcə mətnlərin manipulyasiyası altındadır".(3). Süni intellekt bəziləri üçün dördüncü sənaye inqilabı sayılır. Sənaye inqilabının birinci mərhələsində insanlar su və buxarın gücünə əsasən sənayenin hərəkətini tənzimləyirdilər. İkinci mərhələsində elektrikin kəşfindən sonra elektrikə əsasən bunu tənzimləyirdilər. Üçüncü mərhələsində isə insanlar kompüterə və digər cihazlara əsaslanırdılar. İndi isə dördüncü sənaye inqilabının zamanı çatıb, o da süni intellekt inqilabıdır(4).


İkincisi: Süni zəkanın müsbət tərəfləri nələrdir?
Cavab: Süni zəkaya məlumatlar bəşər övladı tərəfindən daxil edilir. Bundan sonra xüsusi proqramlar vasitəsilə bu məlumatlar tərtib edilir. Sonra xüsusi nəticələr və xülasələr əldə edilir.
- Bu süni zəka proqramları çox dəqiq məlumatları bir araya toplaya bilir, bu məlumatlar müasir məsələləri cəm edə bilir, həmçinin təhlil və analizləri aparmaq qabiliyyəti olur(5). Süni intellektin bəzi müsbət tərəfləri haqqında da danışanlar da var. Qeyd olunmuş müsbət və mənfilər qlobal miqyasda ən çox vurğulanan, ən çox istinad edilənlərdir. Müsbətlər:
- Təkrarlanan və yorucu işlərin, tapşırıqların avtomatlaşdırmaqla tamamilə aradan qaldıra bilməsi.
- Tətbiq edilən proses və tapşırıqlarda minimum və ya heç bir xətanın, səhvin olmaması.
- Sürətli və doğru qərarları verə bilməsi.
- Günün istənilən vaxtı fəaliyyət göstərə bilməsi(6). Bununla yanaşı süni intellektin digər faydalarından da danışılır. Bu qədəri ilə kifayətlənirik.

Üçüncüsü: Süni zəkanın mənfi tərəfləri nələrdir?
Cavab:
Süni intellekt sahəsində baş verən mənfi hallara gəldikdə isə onlardan bəzilərini qeyd etmək olar:
- Sİ-nin ilkin mərhələdə tətbiqi böyük investisiya (maliyyə, texnoloji) tələb etməsi.
- Bu sahədə təcrübəli mütəxəssislərin azsaylı olması və ya heç olmaması.
- Tamamilə Sİ məhsulu və xidmətlərinin hələ də tam formalaşmaması.
- Sİ-dən arzuolunmayan məqsədlər üçün istifadə oluna bilinməsi.
- Sİ-nin tətbiqi nəticəsində işsizliyin artması(7).

Dördüncüsü: Süni zəkaya İslami baxış necə olmalıdır?
Cavab:
Bir müsəlman olaraq təbii ki, süni intellektin yalnız mənfi cəhətlərindən danışmağımız doğru olmazdı. Bu səbəbdən də çalışdıq ki, ilk öncə süni intellektin mənfi və müsbət cəhətlərini qeyd edək, süni intellekti qısa da olsa vəsf edək, bundan sonra onun İslami hökmü haqqında danışaq. İslam alimlərinin də dediyi kimi الحكم على الشيء فرع عن تصوره "bir şey haqqında hökm vermək onun haqqında olan təsəvvürün bir hissəsidir".(8) "Bir şey haqqında hökm yalnız onun haqqında tam bir təsəvvür olduqdan sonra mümkündür. Ona görə ki, bununla verilmiş hökm reallığa uyğun olsun, yoxsa ortada böyük bir xələl meydana gələr".(9).
Gəlin, mövzumuzu bu sual ətrafında davam etdirək: süni intellektin təhlükə və təhdidləri nələrdir? Təhlükələr və ya təhdidləri ixtisar etmək istəyərsək, onlardan bəzilərini qeyd etmək mümkündür:
a - İlk böyük təhlükə sosial şəbəkələrdə məlumatların oğurlanması, kompüter və proqramların təhlükəsizliyinin pozulmasıdır ki, bu böyük bir əxlaqi pozuntudur. Bu əxlaqi pozuntu heç cür qəbul edilə bilməz.
b - Həmçinin istər dini sferada olsun, istər qeyri dini sfererada olsun, məşhur şəxslərin səslərini olduğu kimi çıxardıb onların adından onların demədiyi sözləri dedirtmək, etmədikləri görüntüləri göstərmək kimi böyük bir saxtakarlığı da asanlaşdırır.
c - Süni intellektin heç cürə qeybi bilgilərlə tanış olması, öyrənməsi mümkün deyildir. Lakin Süni intellekt təəssüflər olsun ki, bu məqsədlə istifadə oluna bilir. Qarşıda bu haqda ətraflı izah veriləcəkdir.
d - İnsanların ruzi qorxusu çəkməsi, iş yerlərini itirməklə bağlı nigarançılığı bir təhdid və təhlükədir. Buna İslami yanaşma haqqında da qarşıda qısa şəkildə bəhs ediləcəkdir.
e - Süni intellektin insanları daha çox tənbəlləşdirməsi, iş yerlərinin azalması, insanların daha komfort həyatla tənbəlliyin daha da artacağı ehtimal olunur. Bu haqda artıq mütəxəssislər də danışırlar. Robotlaşma sürətləndikcə insan daha az enerji, daha az əmək sərf edəcək və təbii ki, bu insana çox ziyanlıdır. Çünki komfortlu həyat daima insana xoşbəxtlik gətirmir. Deyilənə görə yazıçılar, proqramçılar bu sahədən ən çox zərər görənlər sırasında olacaqlar. Həmçinin dünya bankının tabeliyində olan statistika mərkəzlərinin birinin məlumatına görə son beş ildə insanlar süni intellektdən istifadə nəticəsində iş yerlərinin 1/4 hissəsini itirəcəklər(10).
Araşdırma nəticəsində süni intellektə İslami cəhətdən nəzər yetirmək üçün aşağıdakı xüsuslara diqqət yetirilməlidir:
1 - Uca Allah insanların həyatını asanlaşdırmaq üçün bir çox yaratdıqlarını insanların ixtiyarına və istifadəsinə vermişdir. Uca Allah buyurur: “Göylərdə və yerdə olanların hamısını sizin xidmətinizə verən də Odur”. (Casiyə. 13). Bu mənaya bəşəri kəşflər də daxildir. Çünki buna müvəffəq edən də Allahdır. Süni intellekt də bəşər övladının əməyinin nəticəsi olduğu üçün ondan yararlanıb faydalı cəhətlərindən istifadə etməkdə bir problem yoxdur.
2 - Süni intellektdən iki aspektdən istifadə etmək mümkündür: dünyəvi və dini. Dünyəvi aspektdən: tibbi, ticari, maddi, təlim sahələri və s. Dini aspektdən isə xüsusən də İslama dəvət sahəsində süni intellektdən istifadə mümkündür. İslama dəvət etməklə məşğul olan mərkəzlər və şəxslər bu yeni texnologiyadan düzgün anlamalı, sonra isə onu İslamın xidmətində istifadə etməkdə gecikməli deyillər(11).
3 - Süni intellekt və onun vasitəsilə edilən saxtakarlıqlar böyük bir təhlükə mənbəyidir. Süni intellekt saxtalaşdırmanı asanlaşdıran bilgiləri cəm edə bilir, internet, kompüter, proqram və cihazların təhlükəsizliyini aradan qaldırıb şəxsi və mühüm bilgilərin daha asann şəkildə ələ keçirilməsinə şərait yaradır ki, bütün bunlar bəşər övladı tərəfindən daxil edilən məlumatlar nəticəsində baş verir.
4 - Süni intellektin özü vasitəsilə fətvalar verilməsi doğru deyil. Çünki süni intellekt bütün hadisələrin reallığına enə bilmir, hislər və zəka ilə olan məqamları, əxlaq gərəkən xüsusi məqamları ayırd edə bilmir. Lakin süni intellekt bizə alimlərin hazır fətvalarını mənbələri ilə birgə verə bilər.
5 - Süni intellekt vasitəsilə Quran təfsir edilməz. Amma süni intellekt bizə təfsir kitablarından mənbələri ilə bilgilər verə bilər. Həmçinin hədis və fiqh elmində süni intellektdən faydalı bir şəkildə istifadə etmək mümkündür.
6 - Süni intellekt bizə müxtəlif İslami elmlər üzrə araşdırmalarda yardımçı ola bilər. Amma onun yazdığı məqalə və kitablara tam şəkildə etibar etmək olmaz. Çünki süni intellekt uydurma, zəif və səhih rəvayətləri ayırd etmədən ona yüklənmiş bilgiləri təqdim edir. Süni intellektin çalışma funksiyası, çalışma ardıcıllığı və quraşdırılmasının təməl prinsipi bizə bunu deməyə əsas verir.
7 - “Süni intellekti öyrənib onu İslamın və müsəlmanların xeyrinə ola biləcək cəhətləri üzərində çalışmaq lazımdır. Bəzi İslam mütəxəssisləri məhz bu məsələ haqqında ətraflı danışır, bu sahədə gecikməyin doğru olmadığını vurğulayırlar. Onlar bildirirlər ki, süni intellektə yalnız mənfi bir yenilik kimi baxmaq doğru deyildir” (12).
8 - Süni intellektin qarşıdakı illərdə geniş yayılması ehtimalından dolayı işini itirməkdən qorxmağa və ya ruzi qorxusuna gəldikdə isə bizi daim ruziləndirən Allah yenə də ruziləndirəcəkdir. Biz müsəlmanlar buna yəqin olaraq inanmalı və bundan əmin olmalıyıq. Biz müsəlman olduğumuz üçün və sağlam bir əqidəmiz olduğu üçün ruzinin, mülkün kimin ixtiyarında olduğunu çox gözəl bilirik və hansısa texnologiyaya görə ruzi sıxıntısı yaşamaq bizlərə yaraşmaz və bilirik ki, bu narahatlıq yalnız əqidədə olan bir xələl ola bilər!
9 - Süni intellektin heç cürə qeybi bilgilərlə tanış olması, öyrənməsi mümkün deyildir; Qiyamət günü, axirət əhvalları, qəbir aləmi, haqq hesab günü, sorğu-suala çəkilmə, cənnət və cəhənnəm, mələklər və s. Bu qeybi məsələlər haqqında ayət və hədisləri yazıb şəkillər əldə etmək doğru deyil. Çünki süni intellekt ancaq bu dünyaya aid daxil edilmiş şəkillər və bilgilər vasitəsilə bunları edib sənə yekun nəticə kimi hansısa şəkil və bilgiləri verə biləcək ki, bu da doğru deyildir. Məsələn cəhənnəm odu haqda ayə: إنها ترمي بشرر كالقصر "Cəhənnəm hər biri hündür bir imarət həcmində qığılcımlar püskürür". كأنه جِمالاتٌ صُفْر "Onlar sanki qara dəvələrdir". Ayədə vəsf olunan cəhənnəm odu qara rəngdədir. Süni intellektə yazanda bunu sarı rəngdə verir(13). (dünyadakı qığılcımlar ağ, sarı və ya qırmızı olur, yəni müxtəlif cürdür, axirətdəki qığılcımlar isə qara olur) Hələ bu təkcə rəng məsələsidir. Süni intellekt cəhənnəm görüntülərinin dəhşətini düzgün ifadə edirmi? Vəsflər nə dərəcədə doğrudur? Yaxud da mələklər haqqında məlumatlar doldurulur süni intellekt ora iki qanadlı nə isə qoyur və sən də elə bilirsən ki, bunlar mələklərin şəkilləridir. Əlbəttə ki, süni intellektin qeyb aləmi ilə bağlı verdiyi vəsflərə etibar etmək olmaz. Aydın xətalar üzərində çalışır. Xülasə olaraq deyirik ki, qeyb aləmi hissiyyat orqanları ilə çatılmır, ağıl ilə dəqiq təsəvvür edilə bilməz, yalnız nəql vasitəsilə dərk edilir. İnsanlar süni intellektə nə qədər vurğunluq keçirsələr belə bilmək lazımdır ki, təsəvvürü mümkün olmayan qeybi məsələlərə bu vasitə ilə girilməsi doğru deyil. { یَـٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُوا۟ مِنۡ أَقۡطَارِ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضِ فَٱنفُذُوا۟ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَـٰنࣲ ) (Ar-Raḥmān suresi: 33]. "Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz". (ər-Rəhman. 33).
Onu da qeyd edək ki, süni intellektin İslami yöndən araşdırılması üçün İslam dünyasında çox faydalı araşdırmalar da edilmişdir. Ümid edirəm ki, sonda bu araşdırmaların bəzilərini qeyd etmək lap yerinə düşərdi:
1 - Süni intellekt və onun tətbiqlərinin Qurani-Kərim və Hədisi-Şərif xidmətində çalışdırılması. Dr. Səid Həravə. Vadi universiteti.
2 - İslam fiqhində və qanunda süni intellekt - məfhumlar, tövsiyələr və başlanğıc nöqtəsiləri. Dr. Quveydir əl-Uşbi. Vəhran universiteti.
3 - Süni intellekt texnologiyalarının Quran araşdırmalarında istifadəsi. Dr. əl-Arabi Əbu İmran. Xamis Məlyənə universiteti.
4 - Süni intellekt və onun texnologiyalarının tətbiqində bəşəri istifadə sərhədləri, qanuni və əxlaqi məsuliyyət. Dr. İyd Bilali. Vadi universiteti.
5 - “Süni intellekt” məfhumları və proqramlarında olan təhlükələrə məqsədyönlü baxış. Abdunur Beriber. əl-Cəzair universiteti.
6 - Süni intellekt yoluyla fətvanın hazırlanması - müfti robot misal olaraq; bəzi müasir misalların verilməsi və onun gələcəkdə gözlənilən nəticələrinə nəzarət. Dr. Muhəmməd Ğarğut. Vadi universiteti.
7 - Süni intellektin hədis və onun elmləri sahəsində istifadə edilməsi. Fras ibn Sasi. Tunis. “Zeytunə” universiteti.
8 - Süni intellekt proqramlarının “İləlul-Hədis” elmi sahəsində istifadəsi. Chatgpt üzrə praktiki araşdırma. Dr. Muhəmməd Ramazani. Vadi universiteti.
9 - Süni intellekt proqramları və onların ağlı qorumaq məqsədləri baxımından real təsirləri. Dr. Nəsimə Berval. Dr. Cəmilə Qariş. “Batinə” universiteti.
10 - Süni intellekt texnologiyasını Allaha (İslama) dəvət yolunda istifadəsinin əhəmiyyəti və bunun qaydaları. Dr. Muleykə Zeyd. “Vadi” universiteti.
11 - Holoqram texnologiyası İslam dəvətinin xidmətində: fürsətlər və təhlükələr haqqında qiraət. Dr. Vahidə Əbu Fədəh Badisi. “Əmir Qasantinə” universiteti.
12 - Süni intellekt və onun İslam dəvəti və mədəniyyətində rolu. Dr. Muad Bərcihan. “Vadi” universiteti.
13 - Süni intellekt - müəlliflərin xətləri ilə tanışlıqla birgə - İslami əlyazmaların xidmətində. Dr. Feysal Farisi. Beynəlxalq Mədinə İslam universiteti.
14 - Süni intellektin fətva və əhkamların ərsəyə gəlməsində istifadəsi. Təməlləndirmə və İslami məqsədlərə xidmətə yönləndirmə aspektindən araşdırma. Abdullah əl-Hubəc. Səttam ibn Əbdüləziz universiteti. Səudiyyə Ərəbistanı.
15 - Zəruri olan İslam şəriəti məqsədləri aspektindən süni intellekt idarəçiliyi. Dr. Tahir Təmməh. Prof. Xarif Zətun. “Vadi” universiteti(14).


Qeydlər və istinadlar:
1 - Süni intellekt nədir? İqtisadiyyat TV. Keçid: https://youtu.be/5oHh0nIkC-Q?feature=shared.
2 - Süni intellekt nədir? Süni intellekt və insan: https://youtu.be/40XslK-BtBw?feature=shared
3 - Dost gənclərin inkişaf klubu. 2 may. 2024 tarixdə yayımlanan seminardan nəql (facebook). Müşviq Ötkünün sözündən sitat. Sara Məmmədova.
4 - Süni intellekt. Həsən əl-Hüseyni. (ərəbcə). الذكاء الاصطناعي - المختصر المفيد، حسن الحسيني Keçid:
https://youtu.be/AO7ONqfOyFM?si=wI3rqKyr_y5jW6bZ
5 - Süni intellekt proqramlarının (İslami) hökmü. (ərəbcə). حكم برامج الذكاء الاصطناعي keçid: https://youtu.be/KJgdVFzcj78?si=vDgg_bbjGxBZmp3D
6 - Məqalə: Süni intellektin müsbət və mənfiləri. Banker.az saytı. Keçid: https://banker.az/suni-intellektin-musbət-və-mənfiləri/
7 - Öncəki mənbə. Süni intellektin mənfi cəhətləri.
8 - ət-Tərifət. əl-Curcani. səh. 149.
9 - Şərh əl-Üsul min elmil-Üsul. İbn Useymin. səh. 604.
10 - Süni intellekt bizim əxlaqımıza necə təsir edəcəkdir? (Podkast videosu) şeyx dr. Johans Klomnek (Abdullah Suveydi) ilə müsahibə. (ərəbcə). Keçid: حلقة بودكاست مع الدكتور جوهانس كلومنك (عبد الله السويدي) عن الذكاء الاصطناعي.
https://www.youtube.com/watch?v=vLJ1rwYh-Qk
11 - Süni intellekt. Həsən əl-Hüseyni. (ərəbcə). الذكاء الاصطناعي - المختصر المفيد، حسن الحسيني Keçid:
https://youtu.be/AO7ONqfOyFM?si=wI3rqKyr_y5jW6bZ
12 - Bax: Süni intellekt haqqında ateizm mövzuları üzrə mütəxəssis Johans Klomneklə (Abdullah Suveydi) podkast müsahibəsi. (ərəbcə).
https://www.youtube.com/watch?v=vLJ1rwYh-Qk
13 - Süni intellekt proqramlarının (İslami) hökmü. (ərəbcə). حكم برامج الذكاء الاصطناعي keçid: https://youtu.be/KJgdVFzcj78?si=vDgg_bbjGxBZmp3D
14- Beynəlxalq toplantıya qəbul edilmiş elmi araşdırmalar - süni intellekt və İslami elmlərdə onun tətbiqatları haqqında. (ərəbcə). https://faculty.univ-eloued.dz/faculty/isi/post/3955


Yazdı: Beynəlxalq Mədinə İslam universitetinin doktorantura tələbəsi Sahib Əsədov.